Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) 100 və universitetin Şamaxı filailının 30 illik yubileyləri ərəfəsində by filial bir çox möhtəşəm tədbirlərə ev sahibliyi edir. Belə tədbirlərdən biri də mayın 27-də Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 103 illiyi münasibətilə keçirilən elmi-praktik konfrans oldu. Konfransda ADPU-nun sosial və humanitar məsələlər üzrə prorektoru, professor Fikrət Rzayev, AMEA Tarix İnistutunun icraçı direktoru, professor Cəbi Bəhrəmov, ADPU-nun İbtidai təhsil fakültəsinin dekanı, professor Fərrux Rüstəmov, Bakı Dövlət Universitetinin Azərbaycan tarixi kafedrasının dosenti Boran Əzizov və eləcə də ADPU-nun Şamaxı, Ağcəbədi, Cəlilabad, Şəki və Quba filiallarının rəhbərliyi və əməkdaşları iştirak ediblər. .
Tədbiri giriş sözü ilə açan filialın direktoru, dosent Tünzalə Yusifova ADPU-nun 100 və Şəki, Quba, Şamaxı filiallarının 30 illik yubileyləri ərəfəsində keçirilən tədbirlərin xüsusi önəm daşıdığını qeyd etdi. Həm ADPU-nun 100, həm də filialların 30 illikləri, eyni zamanda 28 may Respublika Günü münasibəti ilə tədbir iştirakçılarını ürəkdən təbrik edən T.Yusifova regionun yeganə ali təhsil müəssiəsi olan filialların həm də olduqları bölgələrin ictimai-siyasi həyatında böyük rol oynadığını diqqətə çatdırdı. Xüsusi vurğulandı ki, bu gün professor Cəfər Cəfərovun rəhbərliyi ilə ADPU Azərbaycanın ən nüfuzlu ali təhsil müəssisələrindəndir.
Respublika Günü ilə bağlı keçirilən konfransın işinə uğurlar arzulayan natiq 28 may 1918-ci il tarixinin Azərbaycan tarixində böyük rol oynadığını, Şərqdə ilk demokratik respublika olan AXC-nin eyni zamanda xalqımızın müstəqillik əzmini nümayiş etdirdiyini vurğuladı. AXC-nin siyasi varisi elan olunan Müstəqil Azərbaycanın qurucusu Ulu Öndər Heydər Əliyev qeyd etmişdir ki, biz bu gün müstəqil Azərbaycan Respublikasını qururuqsa, ayağa qaldırırıqsa, Azərbaycan Xalq Cümhuriyyətinə borcluyuq. Bu gün də Cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikasında demokratik, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu davam etdirilir. 2018-ci ilin ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan olunması isə dövlətçilik səviyyəsində tariximizə, kökümüzə bağlılığın göstəricisidir.
Prof. F. Rzayev tədbir iştirakçılarını bu əlamətdar münasibətlərlə təbrik edərək qeyd etdi ki, regionlarda dövlət əhəmiyyətli günlərlə bağlı belə tədbirlərin keçirilməsi mühüm əhəmiyyət kəsb edir. Çıxışçı Şamaxı filialının gələcək fəaliyyətinə uğurlar arzuladı.
Sonra prof. C. Bəhrəmov “Azərbaycan Xalq Cümhuriyyətinin Azərbaycan milli dövlətçilik tarixində yeri və rolu”, dos. B. Əzizov “Cümhuriyyətə gedən yol: Milli azadlıq hərəkatının aktuallığı, mənbələri, dövrləri və cərəyanları”, prof. F. Rüstəmov “Azərbaycan Xalq Cümhuriyyətinin təhsil siyasəti”, filialın Sosial və pedaqoji elmlər kafedrasının müdiri, Şamaxı rayon Ağsaqqallar Şurasının sədri, dosent Mayıl Alıcanov “AXC-nin ərazi bütövlüyü uğrunda Azərbaycan ordusunun mübarizəsi”, Dil-ədəbiyyat və onların tədrisi texnologiyası kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru Eyvaz Eminalıyev “Demokratik Cümhuriyyət dövrü bədii ədəbiyyat” mövzularında çox maraqlı məruzələr etdilər.
Tələbələr adından Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisasının II kurs tələbəsi Narınc Cəbrayılova Nərman Həsənzadənin “Sən mənimsən, mən də sənin, Azərbaycan!” şeirini səsləndirib.
Qeyd edək ki, konfrans iştirakçıları arasında ADPU-nun 70-ci illərinin məzunlarının olması və təhsil illəri ilə bağlı öz xatirələrini bölüşməsi tədbirə xüsus rəng qatıb.